O gözlərə baxmaram | Məmməd Araz

Bu gün sənin hər gözündə bir gülüş,
Biri çılğın, biri tutqun, bürkülü...
Baxışına yad baxışlar bükülü,
İnnən belə o gözlərə baxmaram.

Qəza gəldi, əsa gəldi, deyirlər.
Əhdini də düyçələyər iy əllər.
Bir çalada donan suya əyilləm,
İnnən belə o gözlərə baxmaram.

İki görüş bir baxışda görüşdü,
İki ilmə bir yanlışda görüşdü.
Doğru sözüm aldanışla görüşdü,
İnnən belə o gözlərə baxmaram.

Haray, durnam, qatarımı itirdim!
Havar çəkdim, havarımı itirdim,
Dalğasında avarımı itirdim,
İnnən belə o gözlərə baxmaram.

İsmi dönük, son tufanım olsa da,
Son ümidim, son gümanım olsa da,
Gündoğanım, günbatanım olsa da,
İnnən belə o gözlərə baxmaram.

 

0 şərh